Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir.  

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat xatırladıb ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

"Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Ukrayna Prezidenti öz "Twitter" hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib. Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkür edib. Bu, Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur. Volodimir Zelenski həmçinin, Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib".

Deputat bildirib ki, Ukrayna regionda ərzaq təminatı baxımından vacib ölkələrdən hesab olunur:

"Müharibə dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada infilyasiya son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal infilyasiyası qaçılmazdır.  Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması ərzaq istehsalı baxımından vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər. Bütövlükdə, yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur.  Bu isə Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir".unikal