"Muğan Bank" 2019-cu ildən məcmu kapitalla bağlı tələbləri pozub.

İqtisadiyyat.az xəbər verir ki, "APA-Economics"in araşdırmasına görə, Bank Milli İranın Bakı Filialı ilə yanaşı, "Muğan Bank"ın da sonuncu dəfə məcmu kapitalı 2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən yerli banklar və xarici bankların burada fəaliyyət göstərən filiallarına qoyulan minimal 50 milyon manat tələbdən yüksək olub. 2018-ci ilin audit olunmuş hesabatına əsasən, Bankın məcmu kapitalı 56,1 milyon manat təşkil edib. 2019-cu ildə 39,9 milyon manat yığılmış zərər "Muğan Bank"ın məcmu kapitalını 35,8 milyon manata kimi endirib. 2020-ci ildə bu rəqəm 35,6 milyon manata, 2021-ci ildə 41,1 milyon manat, 2022-ci ildə isə bir qədər yüksək - 42,6 milyon manat təşkil edib.

Həmçinin, Bankın audit hesabatları ilə maliyyə hesabatları arasında cəmi kapitalla bağlı rəqəmlərin kəskin fərqləndiyi ortaya çıxıb. Belə ki, "Muğan Bank" rəsmi səhifəsində açıqladığı maliyyə hesabatlarında kapitalla bağlı rəqəmləri 2 dəfədən çox artıq göstərib. Məsələn, 2021-ci ildə cəmi kapital 91,9 milyon manat, 2022-ci ildə isə 93,2 milyon manat göstərilib.

Qeyd edək ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın tələblərinə əsasən, Azərbaycanda yeni yaradılan banklar üçün nizamnamə kapitalının, xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Azərbaycan Mərkəzi Bankı mayın 16-da "Günay Bank"ın lisenziyasının ləğv edərkən əsas gətirdiyi səbəblərdən biri kimi məhz məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını göstərib.