Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən S.Salahlı barədə dosyeni təqdim edir:

Səyyad Adil oğlu Salahlı 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995: "Səs” qəzetində baş redaktorun birinci müavini vəzifəsində çalışıb. 1995-2005-ci illərdə Milli Məclisinin birinci və ikinci çağırış deputatı olub.

S.Salahlıya 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli "Fövqəladə və səlahiyyətli elçisi” diplomatik rütbəsi verilib.

2006-2010-cu illərdə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, 2012-ci ildən isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı, 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi- publisistik, dörd bədii kitabın müəllifidir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.