Son vaxtlar qızdırma, öskürək, qriplə müşahidə olunan xəstəlik hallarının artması müşahidə olunur. Belə ki, bəzən bu xəstəlikdən sağalma müddəti 7-10 günə çəkə bilir. Bu hallar xüsusilə uşaqlar arasında da geniş yayılmağa başlayıb. Bəs görəsən bu xəstəliklərin yaranmasının səbəbləri nələrdir və bundan necə yan keçmək olar?
Mövzu ilə bağlı İqtisadiyyat.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, respirator infeksiyalar il boyu davam edir.
Onun sözlərinə görə, hətta yay aylarında da bunu maşahidə etmək mümkündür. Amma qış fəslində bunlar daha çox vüsət almağa başlayır. Mütəxəssis bunu qış aylarında soyuqdəymələrin daha çox olması ilə əlaqələndirib:
“Ona görə də xarici ölkələrdə bu növ xəstəlikləri soyuqdəymə xəstəliyi adlandırırlar. Sovet dövründə isə bu kəskin respirator xəstəlik adında birləşdirildi. Qrip, adenviruslar, pnevmoviruslar, koronaviruslar və çoxsaylı yuxarı tənəffüs yollarında olan viruslar buraya aiddir”.
Professor vurğulayıb ki, belə məqamlarda insanlar hansı xəstəliklə - qrip və koronavirusla xəstələndiyini anlamır: “Ona görə də burada həm əlamətlər, həm də ümumi yanaşma prinsipləri bir-birinə yaxındır. Virusların, xəstəliklərin heç birinin spesifik müalicə üsulları yoxdur. Müalicə əlavə olaraq soyuqdan qorunma, immun sistemə dəstək, orqanizmi bol su ilə təmin etmək və vitamin terapiyasından ibarətdir. Antibiotiklər viruslara təsir göstərmədiyindən burada onların istifadəsi mənasızdır və məqsədəuyğun hesab edilmir”.
Həkim diqqətə çatdırıb ki, fərdlər həkim təyinatı əsasında müalicə apararsa xəstəliyi yüngül keçirə bilər: “Yanaşı xəstəliyi - ağır şəkərli diabet, onkoloji və digər xəstələr bu xəstəliyi nisbətən ağır keçirir. Bu da xəstənin ağırlaşmasına, pnevmoniyaya, hətta ölümə qədər gətirib çıxara bilər. Ölüm hallarının çoxu da bu və digər faktorlara bağlıdır. Bu baxımdan bütün şəxslərə xəstəliklərinə ciddi yanaşmalarını tövsiyə edirəm. Onlar özlərini təcrid etməli, yataq rejiminə keçməli, bol maye qəbul etməli, temperaturu dərhal salmağa çalışmamalıdırlar. Bu mənada həkim tövsiyəsi vacibdir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir. Payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər gücləndirilib.
Bildirilib ki, ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır. 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb.
Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
İsmayıl Bakuvi