Monqolustan baş naziri Luvsannamsrain Oyun-Erdene ölkədəki etirazlara görə hökumətin istefasının və parlamentin buraxılmasının gündəmdə olmadığını, lakin sistemli islahatların aparılacağını bildirib:

"İclasda hökumətin istefası və parlamentin buraxılması məsələsi müzakirə olunmayıb. Bununla belə, dövlət başçısı sistemli islahatlara dəstək verməyə hazır olduğunu bildirib. Onlar ictimaiyyət tərəfindən dəstəklənib”.

Oyun-Erdene aksiya iştirakçılarının seçki sistemində islahatlar da daxil olmaqla 20 tələb və təkliflə çıxış etdiyini, mümkün islahatlarla bağlı siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Monqolustanda dekabrın 4-də iqtisadiyyatdakı vəziyyət və hökumətdəki korrupsiya iddiaları zəminində etirazlar başlayıb.

Hökumət rəsmilərinin Çinə satılan kömürdən əldə olunan gəliri mənimsədiyini iddia edən nümayişçilər bu məsələyə aydın cavab verilməsini, işsizlik və iqtisadi problemlərin həllini tələb ediblər.