Yanvar-noyabr ayların da istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki,Dövlət Statistika Komitəsindən verlən məlumatda cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşdığı bidirilir.

Ay ərzində qeyri-ərzaq mallarından geyimin, ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, fotoaparatların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.