"Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "Trend"in sorğusuna cavab olaraq bildirib.
Vurğulanıb ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.
"Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, ötən gün Misirin Ras-Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb. Xəsarət alanlar arasında Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynadan olan turistlər var.
***09:15
Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş verən ağır avtobus qəzası nəticəsində üçü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 41 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İqtisadiyyat.az “Cairo24” telekanalına istinadən xəbər verir ki, yaralananlar arasında Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də var. Yaralılar xəstəxanaya yerləşdirilib, onların səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilmir.
Hadisə ilə əlaqədar istintaq başladılıb.