Azərbaycanda məşhurlaşmış maliyyə şəbəkəsi olan "İnstpower" piramidasının fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü iddia olunur. 

İqtisadiyyat.az xəbər verir ki, şişirdilmiş vədlərə aldandığını iddia edən minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir.

"İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorlar"ın hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin bildirilib ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.

Aldandıqlarını iddia edən vətəndaşlar hələ də problemin həll ediləcəyinə ümid edirlər. Mütəxəssislər isə bildirirlər ki, digər piramidalarda olduğu kimi, "İnstpower" pramidasında da vətəndaşlar aldadılıb, onların pulları mənimsənilib.

Qeyd edək ki, "İnstpower" piramidası Azərbaycanda çox məşhurdur. Bu piramidaya görə, "İnstpower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Bir müddət əvvəl bildirilirdi ki, "İnstpower" piramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminləri sistemi söndürərək "qeybə çəkiləcəklər".

Piramida mexanizminə görə, layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri də aid edilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürür və qazananlardan çox itirənlər olur.