"Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Məlumdur ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış həmin minaların xəritələri hələ də ölkəmizə verilməyib".

Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

O xatırladıb ki, noyabrın 10-da imzalanmış razılaşma ilə döyüş əməliyyatları dayandırılandan indiyədək həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olub, ağır yaralanıblar: "Fəqət bir beynəlxalq təşkilat bu günə qədər Ermənistana mina terroru ilə bağlı sərt təpki göstərməyib. Faşist ideologiyasına sadiq bu ölkəyə həmin təşkilatların biri ciddi şəkildə təpinməyib ki, haqqında danışılan mina xəritələri ortalığa çıxsın, itkilər dayansın, günahsız insanlar mina qurbanı olmasın. Əlbət, ermənilər müharibədə məğlub olacaqlarını əvvəldən bildikləri, təxmin etdikləri üçün həmin minaları əraziyə basdırıblar və hədəf də bu olub ki, müharibədən sonra da öz rəzil əməllərini bu şəkildə davam etdirsinlər".  

"Erməni terrorçuların məlum cinayətkar davranışı, mina xəritələrini verməməsi həm də soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını yubadır və təməlli sülh üçün ciddi əngəl yaradır. Fəqət, düşmən tərəf nə etsə belə, hansı şərəfsizliklərə imza atsa belə, nəticəsi olmayacaq: Qayıdış da tamamlanacaq, sülh də baş verəcək. Çünki Ermənistanın nə istəyib-istəməməyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki hazırda diktə edən tərəf Azərbaycandır. Çünki onlardan fərqli olaraq biz yalnız öz gücümüzə arxalanırıq və həmin güc erməni tərəfinin bundan sonra da düzənləyəcəyi bütün nadanlıqları, riyakarlıqları, məkrli planları fiaskoya uğradacaq", - deputat əlavə edib.