30 noyabr və 2 dekabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, noyabrın 30-u keçiriləcək hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və yarımçıq tikili çıxarılacaq.

Dekabrın 2-si təşkil ediləcək hərraca isə “Ceyranbatan Dəmir Beton” ASC-nin dövlətə məxsus səhmləri çıxarılacaq.

Müəssisə dəmir-beton məmulatlarının istehsalı və satışı ilə məşğuldur. Hazırda müəssisə fəaliyyət göstərmədiyi üçün məhsul istehsal olunmur. Onun nizamnamə kapitalı 1 057 770 manatdır. Buraxılmış səhmlərin sayı isə 528 885 ədəddir. 

Hazırda satılan səhm zərfinin həcmi 524 801 ədəddir (99,23 faiz).

 

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.    

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.