İqtisadiyyat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin "Tikinti Təchizat Birliyi" bu istiqamətdə həyata keçirdiyi hazırlıqları başa çatdırıb.

Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və əlaqədar təlim xidmətlərinin icrası 19 842 880 manata başa gələcək. Açıq elan edilmiş tender yolu ilə artıq bu işləri reallaşdıracaq şirkət də müəyyənləşib və nazirliklə şirkət arasında qeyd olunan məbləğ dəyərində müqavilə bağlanılıb.

Qeyd edək ki, Milli Məkan Məlumatları informasiya sistemi milli məkan məlumatlarının toplanmasını, emalını, idarə edilməsini, inteqrasiyasını və xidmətlərin göstərilməsini təmin edən dövlət informasiya sistemidir. Azərbaycan Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq olunub. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin olunması və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir.

Milli məkan məlumatı isə Azərbaycan ərazisində müəyyən məkan, ərazi və coğrafi bölgə ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan istənilən məlumatdır.

Qaydalarla bu linkdən tanış olmaq mümkündür.