Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr komitəsinə açıq məktub ünvanlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Məktubda bildirilir:
“Dinləmənin təşkil edilməsi bizi heç də təəccübləndirmədi, çünki bu, ABŞ Konqresindəki müəyyən dairələrin uzun müddətdən bəri bizim ölkəmizə qarşı dəstəklədiyi bədnam qərəz, ayrı-seçkilik və manipulyasiyanın növbəti təzahürüdür. Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən etibarən radikal erməni qruplaşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr Azərbaycana qarşı təcavüzü təşviq edən, radikalları cəzasız olaraq insan iztirablarına səbəb olan ağır cinayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçmişlər. Nəticədə Ermənistan Respublikası 250 min azərbaycanlını bugünkü Ermənistan ərazisindəki doğma torpaqlarından zorla didərgin salmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 il işğal altında saxlamış, müxtəlif etnik və dini mənşəyə mənsub olan 700 mindən çox azərbaycanlını məhv etmiş və etnik təmizləməyə məruz qoymuşdur.
Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla, beynəlxalq ictimaiyyət bu vəhşilik hərəkətlərini pisləmişdir. Lakin bu cür hərəkətlər nəinki Konqresdə qınanmamış, həm də radikalların dəstəkçiləri təcavüz qurbanı olan Azərbaycan xalqına yardım göstərilməsinin qarşısını ala bilmişlər. Hələ bu azmış kimi, “keçmiş Sovet İttifaqının hər hansı digər müstəqil dövlətinin ərazi bütövlüyünü və ya milli suverenliyini pozan hərəkətə yol verən keçmiş Sovet İttifaqının müstəqil dövlətinin hökumətinə” vəsait verilməməsini nəzərdə tutan dövlət siyasətinin həyata keçirilməsi zamanı təcavüzkar Ermənistan üçün istisna edilmişdir. Beləliklə, Azərbaycan ərazisinin 30 ilə yaxın işğalı və əhalisinin etnik təmizlənməsi dövründə Ermənistan öz təcavüzünü davam etdirmək üçün səxavətlə yardım almışdır.
Ətraflı
Bütün bunlarla birlikdə, beynəlxalq hüququn fundamental prinsipləri kobudcasına pozularaq, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalının nəticələrini qanuniləşdirməyə cəhdlər göstərilmiş, bununla da insanların çəkdiyi iztirablar artırılmış, erməni və Azərbaycan xalqlarının ziyanına olaraq sülh, sabitlik və firavanlıq ümidləri boşa çıxarılmışdır.
Yalnız Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı xalqı xarici təcavüzə və işğala qarşı mübarizə aparmaq arzusu ilə sıx birləşərək 2020-ci ildə öz dövlətinin – Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra yenidən sülh perspektivi yaranmışdır. Ədalətin zəfər çalması regiona sülh, normallaşma və barışıq ümidləri gətirmişdir. Azərbaycan bu imkandan istifadə edərək Ermənistana beynəlxalq hüquqa əsaslanan sülh sazişi təklif etmişdir. Həmin sazişin beynəlxalq səviyyədə, o cümlədən ABŞ hökuməti tərəfindən dəstəklənməsi nəzərəçarpan nəticələrə gətirib çıxarmışdır, belə ki, Ermənistan ərazi iddialarından əl çəkmiş və 2022-ci il oktyabrın 5-də Qarabağ regionu da daxil olmaqla Azərbaycanın suverenliyini tanımışdır.
Lakin hər dəfə sülh sazişi əlçatan olan kimi Ermənistan son 30 ildə istifadə etdiyi bədnam taktikasına qayıdır: danışıq görüntüsü yaradır, əvvəlki razılaşmalardan geri çəkilir və götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Qeyd edilməlidir ki, Ermənistan Azərbaycan ərazisində qanunsuz qalan və regionda ən böyük qeyri-sabitlik mənbəyi olan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bağlı götürdüyü öhdəliyi yerinə yetirmir. Üstəlik, bu ölkə həm də bütün mümkün vasitələrlə Azərbaycanda separatizmi dəstəkləyir, eyni zamanda, erməni əsilli sakinləri girova çevirir, onlardan öz bədxah planlarını reallaşdırmaq üçün istifadə edir.
Bu baxımdan qeyd edilməlidir ki, yuxarıda adı çəkilən dinləmənin təşkili regionda qeyri-sabitlik və münaqişənin alovlanmasına xidmət edir. Əsas məsələ budur ki, son 30 ildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüz siyasətinin dəstəklənməsi və himayə edilməsi ABŞ-a fayda verməmiş, daha çox Azərbaycanın aparıcı rol oynadığı strateji əhəmiyyətli regionda ABŞ-ın strateji maraqlarına və mövcudluğuna xələl gətirmişdir.
Göstərilən bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz suverenliyinin pozulmasına yönələn hərəkətlərin qarşısını alacaq, dönmədən sülhə, normallaşmaya və öz Konstitusiyası çərçivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiyasına nail olacaq”.