Bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfər edib. Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Onlara Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilib. Hikmət Hacıyev mediaya açıqlamasında Azərbaycanın öz torpaqlarında nəzarətsiz zonaya tolerantlıq göstərməyəcəyini bildirərək qanunsuz rejimin buraxılmalı və tərksilah edilməli olduğunu bir daha vurğulayıb.

Qondarma qurumun terrorçu rəhbərliyinin "istefa"sı da günün digər diqqətçəkən xəbəri oldu. Baş verənlər və bizi gözləyən gedişatla bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran millət vəkili Azər Badamov qeyd edib ki, bu günkü tədbir dünya informasiya məkanında Fransanın Ermənistanla birgə təşkil etdiyi şounu ifşa etdi: "Ermənistan və Fransa saxta humanitar problem şousunu yaratmaqla dünya ictimaiyyətini çaşdırmağa və informasiya məkanında üstünlük əldə etməyə çalışır. Ağdam-Xankəndi yoluna səfər edən  diplomatlar real vəziyyəti və Azərbaycanın əsil niyyətini yerindəcə öz gözləri ilə bir daha gördülər. Onlar bir daha əmin oldular ki, Ermənistanla Fransanın təşkil etdiyi humanitar yardım şousu məqsədlidir və   Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını kölgə altına salmağa hesablanıb. Beynəlxalq diplomatların Ağdam-Xankəndi yoluna səfəri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqeyini bir daha dünya ictimaiyyətinə düzgün çatdırılmasına töhfə verəcək".

Separatçıların rəhbəri Arayik Arutunyanın istefasına da toxunan millət vəkilinin fikrincə, Azərbaycan öz suveren ərazilərində separatizmin davam etməsinə imkan verməyəcək: "Son günlər Xankəndidəki saxta rejimin başçısı Arayik Arutunyan Ağdam-Xankəndi yolu ilə bağlı pozitiv fikirlər səsləndirirdi. Amma Arayikin müstəqil şəkildə fikir bildirməsi Ermənistan və digər separatçıların xoşuna gəlmədi. Ona görə də separatçılar Arayikin istefaya getməsini istədilər. Artıq Arayik özünün saxta kreslosunu digər bir separatçıya təhvil verib. Hadisələrin necə inkişaf edəcəyi zaman göstərəcək. Azərbaycan özünün suverən ərazilərində erməni separatizminin davam etməsinə imkan verməyəcək. Ermənilər danışıqlar yolu ilə silahlarını təhvil verib reinteqrasiyaya razılaşmasalar, Qarabağda antiterror əməliyyatının keçirilməsi və qeyri-qanuni silahlıların tərksilah edilməsi qaçılmaz olacaq".