Dünyada bir çox tanınmış insanlar kütləvi informasiya vasitələrinə - qəzet, telekanal və ya saytlara müsahibə vermək üçün qonorar tələb edir. Məsələn, keçən il britaniyalı müğənni Adelin Amerikanın CBS telekanalının aparıcısı Opra Uinfreyə müsahibə qarşılığında kanaldan 100 milyon dollar tələb etməsi mediada gündəmə gəlmişdi. Bu mövzu Azərbaycanda da ara-sıra gündəmə gəlir. Ümumiyyətlə, ölkəmizdə müsahibə qarşılığında qonorar tələb edən məşhur varmı? Var imiş. Müğənnilər Natəvan Həbibi, Xatirə İslam, meyxanaçı Rəşad Dağlı, rep ifaçısı Elşad Xose, iqtisadçı Zahid Məmmədov və digərləri müxtəlif zamanlarda bu mövzunu gündəmə gətiriblər. Natəvan Həbibinin beş min manat, Rəşad Dağlının isə bir vaxtlar min manat qonorar tələb etdiyinə dair xəbərlər saytlarda yer alıb.

Mövzu ilə bağlı bəzi tanınmış şəxslərin fikirlərini aldıq. Şou-biznes yazarı, PR menecer Pərviz Hüseyn hesab edir ki, Azərbaycanda qonorar müqabilində müsahibə alacağı sənətçi yoxdur. Yalnız bir istisna var:

“Yalnız bir nəfər ola bilər - o da Zeynəb Xanlarova. Hansı ki, qonorarı təyin edəcək və onun müqabilində mənə ölkə səviyyəsində bir açıqlama verəcəyini deyəcək. Bu halda mümkün ola bilər. Yoxsa, pul ödə, mənimlə müsahibə elə, mən də sənin suallarından yayınım və istədiyim kimi cavablar verim. Bu, artıq mümkün olmaz”.

P.Hüseyn bu sistemin işlək olmamasını birbaşa media rəhbərləri ilə əlaqələndirir: “Bizdə televiziya rəhbərləri, redaksiya “Tanrı”ları heç müxbirlərinə düzgün maaş vermirlər, onlar kiməsə müsahibəyə görə qonorar verəndir? Natavan Həbibi televiziyalardan verilişə çıxması müqabilində qonorar tələb edir, ancaq onun istəyini reallaşdıran olmayıb”.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov da bu mövzuda fikirlərini bizimlə bölüşdü: “Dünyanın qəbul edilmiş bir standartı var. Sən pul qoyursan, kitab oxuyursan, vaxtını buna sərf edirsən, bilgi əldə edirsən. Bu birinci bazar sayılır. İkinci bazarda isə sən bunu satırsan və markanı qorumaq üçün də özünə hörmət qoymağa məcbursan. Kütləvi informasiya vasitələri, QHT-lər də sənə fəaliyyətinin qarşılığında qiymət vermirsə, sən orada iştirak etmirsən. Bu artıq qəbul olunmuş bir qaydadır”.

Z.Məmmədov tələb etdiyi qonorarın miqdarına gəlincə, bu məsələdə miqdarın deyil, mahiyyətin önəm daşıdığını vurğulayıb: “Mənim ehtiyacım yoxdur, o pulu ver, mən sənə qaytarım, amma ən azı bilim ki, sən mənim əməyimi pulla qiymətləndirirsən”.

Bəstəkar-müğənni, eyni zamanda aparıcı Murad Arif məşhurların müsahibə qarşılığında qonorar tələb etməsini dəstəkləyir, amma bunun Azərbaycanda işlək olmadığını bildirir: “Sən məsələn, Selin Dionu bir reportaja dəvət edirsənsə, o zaman onun komandası müəyyən bir qonorar müqabilində buna razılıq verir. Dünya təcrübəsi belədir. Söhbət Azərbaycandan gedirsə, bu qaydanı bizdə heç kim tətbiq etməyib. İlk növbədə ona görə ki, Azərbaycanda media “hələ minnətin olsun ki, sənin mahnını səsləndirirəm, klipini göstərirəm, səndən müsahibə alıram” fikri ilə fəaliyyət göstərir. Nəinki müsahibə, hətta bizim zəhmət çəkdiyimiz mahnılar və kliplərə görə heç bir qonorar ödənilmir. Ki, əslində ödənilməlidir. Media ümumiyyətlə bundan imtina edir. Ona görə də bu sistem bizdə işlək deyil”.

M.Arif çıxış yolu kimi sənətçilərin mediadan asıllığının azalmasında görür: “İçi mən qarışıq bir çox sənətçilər əgər öz fəaliyyətlərini sosial mediadan xalqa çatdırıb sevdirə bilirsə, qazancını təmin edirsə, o zaman mediadan asıllıq azalır. Yalnız bu halda hər hansı qonorardan söhbət gedə bilər. Yəni, bunu gərək sənətçilər toplu şəkildə etsinlər ki, sistem işlək hala gəlsin”.

Mövzu ilə bağlı bir neçə telekanalın məsul əməkdaşına sorğu göndərdik. Onlar açıq mövqe bildirmək istəməsələr də, ümumilikdə məşhurlara efirə dəvət müqabilində qonorar verilmədiyini təsdiq etdilər.