“Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Tural Turan qardaşlarının tədbirin açılış mərasimindəki geyimi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

İqtisadiyyat.az mövzu ilə bağlı məşhur stilist Anar Ağakişiyevin fikirlərini öyrənib: “Son vaxtlar sözün düzünü deyirəm və anlayıram ki, sözün düzünü qəbul etmək çətindir. İncəsənət müsabiqəsində fərqlənmək vacibdirsə, bu o deməkdir ki, bir növ qadın köynəkləri geyinsinlər? Bir kəlimə deyəcəyəm ki, xalqın gözü tərəzidir. Tamaşaçılar şərhlərdə fikirlərini yazdılar. Mən də onların fikirlərinə qatılıram. Bu qədər bəsit”. 

 

 

Mövzu ilə bağlı “Report”a açıqlama verən Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova fərqlilik üçün belə geyim tərzi seçildiyini vurğulayıb: “Onlar xalıya nə açıq-saçıq, nə də çılpaq çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinmələri onun qərarı idi. Onların geyimi müsabiqədə çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Onlar hər hansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir”.

Mətbuat katibinin sözlərinə görə, bu il Azərbaycanın “Avroviziya”dakı tərzi barədə hamı müsbət danışır: “Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim, sadəcə, xalı üçün idi”.

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edirlər. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.