Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülür.

İqtisadiyyat.az bildirir ki, qeyd olunan tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır. Maliyyə xidmətləri istehlakçıları aidiyyəti üzrə Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi və Yevlax Ehtiyat Mərkəzinə yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.

 

Qeyd edək ki, bundan əvvəl maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur.Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində maliyyə xidmətləri istehlakçılarının qəbulu Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılmış və maliyyə xidmətləri istehlakçılarının istifadəsinə verilib.

Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılıb. Sözügedən xidmətdən yararlanmaq üçün maliyyə xidmətləri istehlakçıları www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.

 

Qəbulda iştirak edən maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara “QR-kod” vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılıb. 

Həmçinin hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın “966” nömrəli Qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edirik.