İlk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib.

Buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlərin təsir etdiyi bildirilib. Qeyd edilib ki, banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olub. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.

"Ümumilikdə, yeni əməliyyat çərçivəsinin tətbiqi pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni alətlərin tətbiqi ilə sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir. Eyni zamanda yeni alətlərin tətbiqi və banklararası pul bazarında əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləyəcək"- bəyanatda bildirilib.