Azərbaycan Mərkəzi Bankı noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin artmasının səbəbini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AMB-dən verilən məlumata görə, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: "Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub".

Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.

"Onu da qeyd etmək lazımdır ki, ümumilikdə valyuta bazarında şərait profisitli tədiyyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub" - AMB-dən əlavə edilib.

Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollara təşkil edib. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.