"Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə heç bir ilkin şərt irəli sürməyib".

İqtisadiyyat.az bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il üzrə büdcənin icrasına dair müzakirələrdə deyib.

"Hər iki tərəf dəfələrlə bildirib ki, ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsindən ibarətdir", - Mirzoyan deyib.

Onun sözlərinə görə, dəfələrlə bir sıra yüksək vəzifəli şəxs tərəfindən bununla bağlı fikir və baxışlar səsləndirilib. Lakin Ermənistanın xarici işlər naziri yenidən qeyd edib ki, gündəlikdə həmçinin qondarma erməni "soyqırımının" tanınması və qınanması məsələsi yoxdur və indiyədək olmayıb.

Mirzoyan həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə səfərini və erməni baş nazirin ikinci sırada oturdulmasını şərh edib.

"Bu protokol məsələsidir, bütün baş nazirlər ikinci sırada oturmuşdular. Onların arasında Ərdoğan üçün mühüm şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi", - Mirzoyan deyib.

Mirzoyan yenidən vurğulayıb ki, bunlar protokol məsələləridir və əhəmiyyətli olub-olmadıqlarından əmin deyil.