Məlum olduğu kimi, kommunal sahədə mütəmadi rastlaşdığımız məsələlərdən biri hər-hansı bir mənzilin köhnə mülkiyyətçisinin qaz təchizatı ilə bağlı yaranmış borclarıdır. Bu cür hallarla mütəmadi olaraq yeni mənzil sahibləri üzləşirlər və bu da onlarda haqlı narazılığa gətirib çıxarır. Bəs sözügedən məsələ ilə bağlı mövcud qanunvericilikdə tələblər nədən ibarətdir?

Bununla bağlı hüquqşünas Arif Nəzərov Trend-in sualını cavablandırıb.

Hüquqşünas bildirib ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə uyğun olaraq, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

O bildirib ki, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

Bu baxımdan, mənzilin alqı-satqısı müqaviləsində kommunal, o cümlədən qaz təchizatına dair borcların satıcı tərəfindən ödənilməsinə dair müddəaların nəzərdə tutulması vacibdir.

Yekun olaraq hüquqşünas bildirib ki, mənzilin köhnə mülkiyyətçisinin qaz təchizatı ilə bağlı yaranmış borcunun mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə qaydasında tələb edilməsi mümkündür.