Azərbaycanda mənzillərin kirayəsi və gəlirlərin əldə olunması biznesi ilə məşğul olanlar çoxdur. Lakin, mənzilini kirayə verən vətəndaşların bir çoxunun müqaviləsi yoxdur. Bununla da həmin şəxslər vergidən yayınmış kimi qiymətləndirilir.

İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyir ki, müqavilə bağlanan zaman mənzil sahibi və ya kirayəçi tərəfindən vergi ödənişi olur. Hansı tərəfin vergi ödəyəcəyi isə müqavilə ilə tənzimlənir:

“Müqavilə bağlamaq önəmlidir, bağlanmadığı halda cərimələr təyin olunur. Burada da hüquqi olaraq, məsuliyyət ev sahibinin üzərinə düşür.”

Bu məsələdə ən vacib detal isə müqavilədə qeyd olunan mənzilin vergi tutumunun faizi və buna nəzarətdir. İqtisadçı deyir ki, mənzilin qiymətinin 14 faizi vergi üçün ödənilməlidir. Buna birbaşa nəzarət isə İqtisadiyyat nazirliyinin vergi xidmətinin məsuliyyətindədir:

“Müstəqil qiymət qoyma komisiyyası yaradılır. Bu komisiyya vergilər xidməti üçün arayış hazırlayır. Arayış hazırlanarkən ətrafdakı həmin mənzilə bənzər mənzillərin qiymətləri, bazar qiymətləri hesablanır. Hətta saytlarda yerləşdirilmiş elanlar nəzərə alınır. Bütün bunlar hesablanıb arayış şəklində vergi xidmətinə təqdim olunur.”

Natiq Cəfərlinin sözlərinə görə, ilkin mərhələdə cərimələri artırmaq şərti ilə vergilər aşağı endirilərsə vətəndaşda vergi ödəməkdə stimul yarana bilər.

Məhəbbət Məmmədov