“Milli Qurtuluş Günü sözün əsl mənasında Azərbaycan xalqının milli qurtuluşa qovuşduğu gün kimi tarixə düşüb. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın da digər respublikalardan fərqli olaraq yenidən öz müstəqilliyinə qovuşması bir çox faciələrlə oldu: 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qərbi Azərbaycandan 300 mindən çox soydaşlarımızın deportasiyası, Qarabağın işğalı. 1991–1993-ci illər xalqımız və yenicə müstəqil olmuş dövlətimiz üçün olduqca çətin, faciələrlə dolu, mürəkkəb və böhranlı bir dövr oldu”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat vurğulayıb ki, məhz ona görə də bu dövr Azərbaycanın ən yeni tarixinin səhifələrinə ən acınacaqlı dövr kimi yazılıb:
“Qeyd etdiyim kimi bir tərəfdən, 1987–1991-ci illər ərzində Ermənistanın və erməni vandallarının törətdiyi vəhşiliklər nəticəsində 300 mindən artıq Qərbi Azərbaycandan olan soydaşımız öz dədə-baba torpaqlarından qovularaq Azərbaycana pənah gətirdi, digər tərəfdən də 1991–1993-cü illərdə Ermənistanın quldur hərbi dəstələri tərəfindən Azərbaycanın təxminən 20 faiz ərazisi – Qarabağ və Şərqi Zəngəzur – işğal edildi. Bu işğal nəticəsində təxminən 1 milyon insan doğma yurd-yuvasından didərgin düşdü və məcburi köçkünə çevrildi. Eyni zamanda, 1991–1993-cü illərdə yeni müstəqilliyinə qovuşmuş ölkədə hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Bir tərəfdən moskvapərəst, sovet tərəfdarı olan qüvvələr, Qorbaçovun himayəsində olan hakimiyyət hərisləri, digər tərəfdən AXC-Müsavat cütlüyü və müxtəlif siyasi partiyalar, hərəkatlar arasında ciddi qarşıdurmalar mövcud idi. Bu, çox mürəkkəb, qarışıq və ağır bir dövr idi”.
M.İbrahimqızı xatırladıb ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin fəallaşması, daxildə vətəndaş müharibəsi təhlükəsi yaradan proseslər, separatçı cəhdlər, hakimiyyət daxilində baş verən qarşıdurmalar və xüsusilə Gəncə hadisələri ölkədə silahlı toqquşmalara və dərin siyasi böhrana səbəb olmuşdu:
“Bu dövr Azərbaycan dövlətinin ən yeni tarixində ən ağrılı və çətin səhifələrdən biri kimi yadda qalacaq. Gəncədə baş verən hadisələr eyni vaxtda ölkədə çox ağır bir vəziyyət yaradırdı. Azərbaycan xalqı sabaha ümidini itirmişdi. Ölkədə iqtisadi tənəzzül hökm sürürdü, qaçqınlar və məcburi köçkünlər sosial böhran içində idi. Daxildə hakimiyyət uğrunda savaş, müxtəlif xarici qüvvələrin Azərbaycana təsir etmək istəyi, müxtəlif supergüclərin ölkədə maraqlarının toqquşması vəziyyəti daha da ağırlaşdırırdı. Torpaqlarımız işğal olunmuş, Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı məcburi köçkün düşmüşdü. Hətta insanlar gecələr mağazaların qarşısında uzun növbələrdə dayanırdılar. Ölkənin iqtisadiyyatı demək olar ki, iflic vəziyyətə düşmüşdü. Gəncədəki hadisələr isə bu prosesləri daha da dərinləşdirir və gərginləşdirirdi”.
Deputat söyləyib ki, o dövrdə - Sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyev sovet ordusunun qanlı əməllərinə qarşı çıxaraq, sovet rejimini, Qarbaçov rejimini ifşa edən bəyanatlar vermişdi:
“Ona görə də Ulu Öndərin Moskvada yaşaması çox təhlükəli idi. Çox təəssüf ki, onun öz doğma vətəninə qayıdışına da Moskvanın nökərləri ciddi əngəl yaradırdılar. Bakıda o vaxtkı hakimiyyət onun Azərbaycana gəlməsini heç cürə qəbul etmək istəmirdi. Hətta ona yaşamağı belə çətinləşdirirdilər. Nəticədə Heydər Əliyev boya-başa çatdığı Naxçıvana üz tutdu. Amma məlumdur ki, orada da vəziyyət ağır idi və blokada şəraiti hökm sürürdü. Lakin Ulu Öndərin uzaqgörənliyi və Naxçıvan sakinlərinin dəstəyi ilə bölgə böyük böhrandan çıxdı. Türkiyə ilə əməkdaşlıq və ümid körpüsünün salınması Naxçıvan üçün dönüş nöqtəsi oldu. 1992-ci ildə Naxçıvanda Ulu Öndərin bilavasitə xeyir-duası ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Naxçıvan yavaş-yavaş böhrandan çıxdığı halda, əksinə 1993-cü ildə isə ölkədə hakimiyyətin idarə olunmasında iflic durum yaranmışdı. Durum elə kritik həddə idi ki, hər kəs vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Belə də oldu. Öncə məşhur 91-lərin, sonra isə xalqın yekdil tələb və təkidi ilə Heydər Əliyev Bakıya gəlməyə məcbur oldu. Ölkədə tüğyan edən özbaşınalıq Heydər Əliyevin rəhbərliyi ilə aradan qaldırıldı və sabitlik təmin edildi”.
Milli Məclisin deputatı qeyd edib ki, məhz qısa müddətdən sonra Azərbaycanın quruculuq mərhələsi başladı: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu oldu. Buna görə də Ulu Öndər xalqın xilaskarı, dövlətimizin təməlini qoyan görkəmli şəxsiyyət kimi həmişə tarixdə qalacaq. Onun siyasəti nəticəsində Azərbaycan güclü ordu qurdu, beynəlxalq arenada mövqeyini möhkəmlətdi, iqtisadi və sosial inkişaf yolu başladı”.
Millət vəkili söyləyib ki, 2003-cü ildə Ulu Öndərin vəfatından sonra xalq çaşqınlıq içində deyildi, çünki Ümummilli Liderimiz Azərbaycan xalqının gələcəyi naminə, özü qədər inandığı siyasi varisini - İlham Əliyevi Azərbaycana yetişdirmişdi: “Bu gün dünyada lider çatışmazlığı olduğu halda biz xoşbəxtik ki, İlham Əliyev kimi möhtərəm liderimiz var. Azərbaycan xalqı ona güvənir, inanır və hər zaman da arxasında dəmir yumruq kimi birləşir. Hər bir vətəndaş onun əmrlərinə hazırdır və ölkəmizin inkişafı üçün səfərbərdir. İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, Heydər Əliyev siyasətinin uğurlu davamıdır və Azərbaycan xalqı gələcəkdə də bu liderlərin yolunda addımlayacaq. Həqiqətən də o dövrdə baş verənləri çox qısaca xatırlamaqla 15 iyun 1993-cü il tarixinin Azərbaycan xalqı üçün sözün həqiqi mənasında Milli Qurtuluş Günü olduğunun bir daha şahidi oluruq”.
İsmayıl Bakuvi