Azərbaycanda təhsil müəssisələrində dərs yükü tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda dərs yükünün kifayət qədər çox olması ilə bağlı valideynlər tərəfindən narazılıqlara rast gəlinir. Həm valideynlər, həm də mütəxəssislər düşünür ki, dərs yükünün ağırlığı effektiv nəticənin əldə olunmasına maneə yarada bilər. Aktual olan bu məsələnin həlli ilə bağlı isə mütəmadi olaraq təkliflər irəli sürülür, yeni tədris planları hazırlanır. 

Təhsil məsələləri üzrə eskpert Kamran Əsədov İqtisadiyyat.az-a deyib ki, müasir təhsil sistemində şagirdlərin, abituriyentlərin və tələbələrin qarşılaşdığı ən ciddi problemlərdən biri ağır dərs yükü və tədris proqramlarının yetərincə effektiv olmamasıdır. Onun sözlərinə görə, bu, təhsilalanların akademik uğur qazanmasına, sağlam inkişaf etməsinə və psixoloji dayanıqlılıqlarını qorumasına mənfi təsir göstərir: “Xüsusilə, tədris yükünün ağırlığı, abituriyentlərin qəbul imtahanlarına uyğunlaşmaq üçün məktəb proqramından kənar əlavə hazırlıqlara ehtiyac duyması və universitetlərin məzunları əmək bazarına yetərincə hazırlaya bilməməsi reallıqdır”.

“Dərs yükünün çox olması təhsil keyfiyyətini artırmır”

Ekspert dünyada aparılan tədqiqatlara əsasən söyləyib ki, tədris yükünün çox olması təhsil keyfiyyətini artırmır, əksinə, şagirdlərin psixoloji vəziyyətini pisləşdirir və onların təhsilə marağını azaldır: “Məsələn, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) 2019-cu ildə apardığı araşdırmaya görə, şagirdlərin dərs yükünün çox olduğu ölkələrdə onların akademik performansı ilə həyat məmnuniyyəti arasında mənfi əlaqə müşahidə olunur. Finlandiya, Kanada və Hollandiya kimi ölkələrdə şagirdlər daha az saat dərs keçir, lakin beynəlxalq qiymətləndirmə sistemlərində (PISA) yüksək nəticələr göstərirlər. Bunun səbəbi dərslərin daha interaktiv olması, praktiki biliklərin ön plana çıxması və şagirdlərin yorğunluğunun azaldılmasıdır”.

Ekspert həmçinin qeyd edib ki, orta məktəb proqramı çox zaman informasiyanı əzbərləməyə əsaslanır və şagirdlər bu yüklü dərs proqramını mənimsəmək üçün məktəbdən kənar hazırlıq kurslarına müraciət etmək məcburiyyətində qalırlar: “DİM-in qəbul imtahanlarında tətbiq etdiyi test sistemi məktəb proqramına tam uyğun olmadığı üçün abituriyentlər əlavə hazırlıq keçmədən universitetə qəbul olmaqda çətinlik çəkirlər. Bu vəziyyət valideynləri də iqtisadi baxımdan çətin vəziyyətə salır, çünki ailələr övladlarının repetitor yanına getməsinə ciddi məbləğdə pul xərcləməli olurlar. 2022-ci ildə aparılmış bir sorğuya əsasən, Azərbaycan abituriyentlərinin təxminən 80%-i imtahana hazırlıq üçün repetitor xidmətlərindən istifadə edib. Bu da onu göstərir ki, məktəbdə verilən təhsil yetərli deyil və ciddi dəyişikliklərə ehtiyac var”.

“Tədris yükünün artırılması əvəzində dərslərin praktik tərəfi gücləndirilməlidir”

Təhsil proqramlarının yüngülləşdirilməsi və daha effektiv olması üçün bəzi əsas strategiyaların həyata keçirilməsinin vacib olduğunu vurğulayan mütəxəssis söyləyib ki, ilk növbədə, orta məktəblərdə dərs proqramlarının məzmunu yenidən nəzərdən keçirilməli, informasiyanın həcmi azaldılmalı və əvəzində dərslərin praktik tərəfi gücləndirilməlidir: “Finlandiya və Estoniya təcrübəsində olduğu kimi, şagirdlərin məktəbdə keçdiyi saatlar daha məqsədyönlü istifadə edilməli, fərdi yanaşma artırılmalı və təhsil texnologiyalarından daha çox faydalanılmalıdır. Məsələn, Estoniya məktəblərində dərslərin 30%-i layihə əsaslı tədris formatında təşkil edilir və şagirdlər öyrəndikləri bilikləri real həyatda necə tətbiq edə biləcəklərini görürlər”.

K.Əsədov həmçinin qeyd edib ki, abituriyentlərin üzərindəki yükü azaltmaq üçün qəbul sistemində də dəyişikliklər edilməlidir: “Azərbaycanın təhsil sistemində məktəbdəki qiymətləndirmənin qəbul prosesində rol oynamaması abituriyentləri yalnız test nəticələrinə fokuslanmağa məcbur edir. Halbuki Kanada, ABŞ və Almaniya kimi ölkələrdə universitetlərə qəbul zamanı şagirdin yalnız test nəticələri deyil, eyni zamanda məktəbdəki akademik nailiyyətləri, ictimai fəaliyyətləri və şəxsi layihələri də nəzərə alınır. Bu sistemin Azərbaycanda tətbiqi üçün məktəblərdə qiymətləndirmə sistemi təkmilləşdirilməli, obyektivlik artırılmalı və qəbul prosesinə inteqrasiya olunmalıdır”.

Tələbələri məzun olduqdan sonra əmək bazarına necə hazırlamaq olar?

Mütəxəssis ali təhsil sistemində də ciddi islahatlara ehtiyac olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda universitetlərdə dərs proqramları əsasən nəzəriyyəyə əsaslanır və tələbələr məzun olduqdan sonra əmək bazarına uyğun praktiki bacarıqlara malik olmurlar: “Dünyada universitetlərdə daha çox praktik yönümlü dərslərin keçirildiyi modellər mövcuddur. Məsələn, Almaniya və İsveçrədə tətbiq edilən “Dual Təhsil” modeli tələbələrin həm universitetdə nəzəri bilik əldə etməsini, həm də paralel olaraq real sektorda təcrübə keçməsini nəzərdə tutur. Bu sistem Azərbaycanda tətbiq edilərsə, tələbələr universitetdən məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkməzlər. 2021-ci ildə Avropa İttifaqı tərəfindən aparılmış tədqiqata görə, dual təhsil modelini tətbiq edən ölkələrdə məzunların 80%-i universiteti bitirdikdən sonra 6 ay ərzində iş tapır, halbuki klassik universitet sistemlərində bu göstərici 50%-dən aşağıdır. Bütün bu dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsi lazımdır. Qısa müddətli tədbirlər sırasında dərs yükünün azaldılması və proqramların təkmilləşdirilməsi yer almalıdır. Orta müddətdə qəbul sistemində alternativ qiymətləndirmə metodları tətbiq edilməli, universitetlərdə praktiki təhsil imkanları artırılmalıdır. Uzunmüddətli perspektivdə isə bütövlükdə təhsil sistemi əmək bazarına və gələcəyin çağırışlarına uyğunlaşdırılmalıdır. Bu dəyişikliklər həyata keçirildiyi təqdirdə, təhsil sistemi daha effektiv, daha ədalətli və daha dayanıqlı olacaq. Beləliklə də, şagirdlər lazımsız yükdən azad olacaq, abituriyentlər imtahan stresindən qurtulacaq və tələbələr universitetdən məzun olduqda əmək bazarına hazır olacaqlar. Bu, ölkənin ümumi inkişafına da töhfə verəcək, çünki daha yaxşı təhsil sistemi daha yaxşı insan kapitalı deməkdir”.

Mütəxəssislərin fikrincə, dərs yükünün çox olması təhsilalanların sağlamlığına da müəyyən qədər təsir göstərə bilər. Belə ki, bu zaman onlarda psixoloji problemlər yarana və sağlamlığa təsir edən mənfi amillər isə təhsilin keyfiyyətinin zəifləməsinə gətirib çıxara bilər. Bununla da effektiv nəticənin əldə olunması mümkünsüzə çevrilir.

“Bu onlarda stress, yorğunluq və emosional tükənməyə səbəb olur”

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov İqtisadiyyat.az-a bildirib ki, təhsil proqramlarının həddindən artıq ağır olması əlbəttə ki, şagird, abituriyent və tələbələrin psixoloji sağlamlığına təsir göstərə bilər. Onun sözlərinə görə, bu gün bir çox yeniyetmə və gənc təhsil prosesində yüksək akademik tələblərlə qarşılaşır ki, bu da onlarda stress, yorğunluq və emosional tükənməyə səbəb olur: “Dərs proqramlarının ağır olması və ev tapşırıqlarının çoxluğu şagird və tələbələrdə daim uğursuzluq qorxusu yaradır. Xüsusilə imtahan dövrlərində bu, həyəcan-təşviş səviyyəsinin artmasına gətirib çıxarır. Digər tərəfdən dərs prosesində həddindən artıq yüklənmə bəzi şagird və tələbələrdə motivasiyanın azalmasına, akademik uğursuzluq qorxusundan dolayı dərsdən uzaqlaşmağa səbəb ola bilər. Bəzi hallarda isə şagirdlər yalnız yüksək qiymət əldə etməyə fokuslanır ki, bu da  təhsilin mahiyyətinin itməsinə gətirib çıxara bilər”.

E.Rüstəmov həmçinin vurğulayıb ki, dərs yükünün çox olması səbəbindən tələbələr gec saatlara qədər çalışır və bu da onlarda yuxu rejiminin pozulmasına gətirib çıxarır. Daimi yuxusuzluq isə yaddaş və konsentrasiyanın zəifləməsinə səbəb olur: “Dərslərin ağırlığı uşaq, yeniyetmə və gənclərin sosial həyatına da mənfi təsir göstərir. Uzun müddət davam edən akademik yüklənmə və psixoloji təzyiq bəzi hallarda burnout (emosional yanma) sindromuna səbəb ola bilir. Gənclər gələcək həyatlarında da özlərinə qarşı həddindən artıq tələblər qoyur, hətta iş həyatında belə daim narahatlıq içində olurlar. Bunun nəticəsində onlar peşəkar həyatlarında da psixoloji gərginliklə üzləşə bilirlər. Ona görə də dərs yükü balanslaşdırılmalı, praktiki bacarıqlara daha çox önəm verilməlidir. Məktəblərdə və universitetlərdə psixoloji xidmətlər daha əlçatan olmalıdır”.

Psixoloq effektiv dərs və istirahət balansını qorumaq üçün vaxt idarəetməsi texnikaları öyrədilməlməsinin vacibliyini də diqqətə çatdırıb: “Xüsusən valideynlər və müəllimlər şagirdlərin emosional vəziyyətini nəzərə almalı, onların psixoloji rifahını prioritet kimi qəbul etməlidirlər. Çünki təhsilin keyfiyyətli olması üçün yalnız akademik nəticələrə fokuslanmaq yetərli deyil. Təhsilalanların psixoloji sağlamlığı da nəzərə alınmalı, balanslı və inkişafyönlü təhsil modeli tətbiq olunmalıdır”.

“Məzmun yükünün azaldılması istiqamətində işlər aparılır”

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsində isə tədris olunan fənlərin siyahısı və həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda təsbit olunub.

Qeyd edilib ki, həmin siyahı və saatlar nəzərə alınmaqla hər il ümumi təhsil müəssisələri üçün I-XI siniflər üzrə tədris olunan fənlər və həftəlik dərs saatlarının miqdarının əks olunduğu tədris planları hazırlanır: “Tədris planına əsasən I siniflərdə həftəlik dərs yükü 22 saat, XI siniflərdə 35 saatdır. Məzmun yükünün azaldılması istiqamətində işlər aparılır: bunu yeni nəsil dərsliklərdə müşahidə etmək mümkündür”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsində tədris edilən fənlər və həftəlik dərs saatlarının səviyyələr üzrə ümumi miqdarı Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədi ilə tənzimlənir. Qeyd olunub ki, tədris planları hazırlanarkən bu sənədin tələbləri nəzərə alınır: “Son dövrlər təhsil proqramları izafi nəzəri biliklərin səriştəyönlü bacarıqlarla əvəzlənməsinə fokuslanıb”.

İsmayıl Bakuvi

 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.