156 saylı məktəbin direktoru Gülər İsmayılova məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, o, videogörüntülərdə əks olunan şagirdlərdən yalnız birinin (hadisəni törədən) onun rəhbərlik etdiyi məktəbdə təhsil aldığını bildirib.

"Digər məktəblilər isə bizim şagirdlərlər deyil. Məktəbimizin şagirdinin indiyədək oxuduğu müddətdə psixoloji problem müşahidə etməmişik. Bu müddət ərzində onun tərəfindən heç bir sinif yoldaşına və digər şagirdlərə qarşı heç bir neqativ hal baş verməyib. Fevralın 14-də biz məlumatı əldə etdikdən sonra həmin 11-ci sinif şagirdimiz valideyni ilə birlikdə məktəbə dəvət olunub. Psixoloq şagirdlə söhbət aparıb. Şagird də bunu zarafat məqsədi ilə etdiyini söyləyib və o, çox peşman olduğunu və çox təəssüfləndiyini bildirib",  - direktor əlavə edib.

Xatırladaq ki, sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.


Sadiq Cavadov