Son günlər ölkə mediasında “Medistyle” hospitalının fəaliyyəti ilə bağlı yazılar dərc olunub. Məlumatda bildirilir ki, Nərimanov prokurorluğunun apardığı araşdırması nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən  “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktı aşkar edilib. Bu səbəbdən də müəssisə, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilib.

Bununla bağlı “Medistyle” MMC-nin hüquqşunası Nüsrət Hüseynov İqtisadiyyat.az saytına açıqlama verib. Vəkil bildirib ki, yayılan məlumatlarda yanlışlıq var:

“Əvvəlcə deyim ki, “Medistyle” hospitalı “Renessans-S” MMC-nin tərkibində fəaliyyət  göstərmir. “Renessans-S” MMC illər əvvəl fəaliyyətini dayandırdıqdan sonra onun yerində yeni “Medistyle” MMC yaradılıb. Əvvəlki şirkətlə nə “Medistyle” MMC-nin, nə də vəzifəli şəxlərinin uyğunluğu var. Tamamilə ayrı nizamnamələr əsasında fəaliyyət göstərilib. Qeydə alınan qanunsuz fəaliyyətlərin, ittihamların “Medistyle” MMC-ə adiyyatı yoxdur."

Vəkil bildirib ki, hospital yaradıldığı gündən etibarən heç bir qanunsuzluğa yol verilməyib. Məlum vəziyyət isə “Medistyle” hospitalının işgüzar imicinə zərbə vurur. 

Xatırladaq ki, hospitalın fəaliyyəti ilə bağlı yayılan məlumat ilk olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi saytında yer alıb.

Hər iki MMC-nin nizamnaməsinin sürətini təqdim edirik:

“Medistyle” MMC Nizamnamə - Şəkil 1   

““Renessans-S” MMC Nizamnamə - Şəkil 2