“Media savadlılığı cəmiyyətin, dövlətlərin, bəşəriyyətin yanlış yola sürüklənməsinin qarşısını almaq üçün lazımdır. İndi elə bir dövrdə yaşayırıq ki, hər kəs media vasitəsi ilə özünü ifadə edə bilir. Bundan sui-istifadə edənlərin sayı milyonlarladır. Kimisi özünün xırda məqsədləri, kimisi də bəşəriyyəti qarşı-qarşıya qoymaq üçün mediadan sui-istifadə edir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, media savadlılığı hər kəsin mediadan doğru və düzgün istifadə edə bilməsini təmin etmək üçün qaydaların öyrənilməsi və mənimsənilməsidir: “Məsələn, dağ başında yaşayan bir vətəndaşdan əlbəttə ki, peşəkar media standartları tələb edə bilmərik. Amma onun media savadlılığının olması vacibdirmi? Mütləq vacibdir. Çünki o, media savadlılığından məhrum olarsa, mediadan sui-istifadə edənlər həmin adamı yanılda və yanlış yola çəkə bilərlər. Media savadlılığı budur və bunun üçündür”.
Hazırda yeni texnologiyalar dövrünün olduğunu xatırladan ekspert vurğulayıb ki, hər kəs öz üzərində işləməlidir: “Təbiidir ki, media məsələləri ilə məşğul olan qurumlarının, eyni zamanda geniş media təmsilçilərinin öndə getməsi şərti ilə hər kəs öz üzərində çalışmalıdır. Media ilə məşğul olmasaq, media bizimlə məşğul olacaq. Ona görə də hər kəs media savadlılığının artırılmasının qayğısına qalmalı, öyrənməli, təcrübəni mənimsəməli, qaydalarla hər zaman, hər yerdə tanış olmalıdır”.
Saxta informasiyanı müəyyənləşdirə bilmək üçün hər şeydən əvvəl sübhəçi yanaşmanın sərgilənməli olduğunu deyən mütəxəssis söyləyib: “Qarşımıza bir informasiya çıxırsa, əvvəl o informasiyanı kim yaxud hansı qurumun yaydığına baxmaq lazımdır. İkincisi, həmin xəbəri çox güvəndiyimiz qurum yayıbsa, əlbəttə ki, ona inanmağa daha çox meylli olmalıyıq, amma həmin qurumun da yanlış informasiya yaymaq imkanı var. Bəzən peşəkarlıq yetəri qədər deyil, qərəz var, yaxud başqa səbəblərdən bilmədən yalnış informasiyanı yaymış ola bilər. Ona görə də informasiya istehlakçıları şübhəçi yanaşmalıdırlar. Yəni qarşımıza çıxan hər informasiyada bir şübhə yeri, inanmaq üçün nöqtə saxlamalıyıq. Media savadlılığı da əslində, bunun üçün vacibdir. Çünki informasiyanın doğruluğunu müəyyənləşdirə bilmək üçün media savadlılığı hər şeydən öncə ən böyük köməkdir. Fərz edək ki, təkbaşına oturmuşuq və əlimizdə bir informasiya var və onu dəqiqləşdirmək üçün əlimiz heç yerə çatmır. Belə olan şəraitdə media savadlılığı köməyimizə çatacaq. Biz artıq alternativlər haqqında düşünə biləcəyik. Yəni, əlimiz həmişəki mənbələrə çatmırsa, fərqli mənbələrdən həmin informasiyanı dəqiqləşdirmək imkanımız olacaq. Media savadlılığı bu baxımdan lazımdır”.
A.Həsrət əlavə edib ki, media savadlılığı yüksək olan cəmiyyətlərdə qarşıdurmalar ya baş vermir, ya da az ehtimallar mövcuddur: “Azərbaycanın içində saxta informasiyalarla vətəndaşın ayaqlanmasına cəhd edən qüvvələr var ki, onlar illərdir öz istəklərinə nail ola bilmirlər. Çünki media savadlılığı ilə bağlı istər dövlət, istərsə də qeyri-dövlət sektorunda yetərincə iş aparılır, insanların aldadılmasının qarşısı alınır. Lakin qonşu Gürcüstünda demokratiya, azadlıq və sair deyərək, hər kəsə bütün yolları açdılar və nəticədə günlərdir siyasi proseslərdən qalib çıxmış, parlamentdə çoxluğu təşkil etmiş partiya bəlli bir kəsimin basqısı altındadır. O kəsimin arxasında da xarici qüvvələr açıq-aşkar görünür. Vaxtilə bizdə də dövlət və cəmiyyət bundan zərər çəkib. Bu baxımdan media savadlılığı qarşıdurmaların müharibələrin, narahatlıqların qarşısının alınmasında çox vacibdir”.
Qeyd edək ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.
Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.
İsmayıl Bakuvi