"Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır."

Bunu Millət vəkili Vüqar Bayramov avronun kəskin ucuzlaşmasının manata təsirini şərh edərkən yazıb. 

O bildirib ki, dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

Millət vəkili həmçinin qeyd edib ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.