“Maliyyə & Uçot” jurnalının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a daxil olan məlumata görə,  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Heydər Əliyev İli” ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının 6-cı bəndinə əsasən Nazirliyin təsisçisi olduğu “Maliyyə & Uçot” jurnalının Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb.

72 səhifəlik xüsusi buraxılışda Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövrdə Azərbaycanın hərtərəfli inkişafı və dövlətçiliyimizin möhkəm əsaslarının yaradılması sahəsində gördüyü misilsiz işlər, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkəmizin iqtisadi, sosial, hərbi, diplomatik, elm, təhsil və digər sahələrdə qazandığı çoxsaylı uğurlardan bəhs edilir. 
İqtisadiyyatın müxtəlif sahələrində qazanılmış nailiyyətlər, Azərbaycanın iqtisadi nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsi, maliyyə-büdcə, mühasibatlıq, təhsil, ordu quruculuğu və digər istiqamətlərdə Ümummilli liderin həyata keçirdiyi çoxşaxəli islahatlar və əldə edilən uğurlar barədə xüsusi buraxılışda maraqlı məqalələr dərc edilib.

Jurnalda Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarını qətiyyətlə həyata keçirməsi, bununla da Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olması, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Qarabağ və Şərqi Zəngəzurda 30 illik erməni işğalına son qoyması, hazırda dünyada və regionda yaranmış yeni reallıqlar fonunda ölkənin qüdrətli siyasi-iqtisadi tərəqqisini daha da artırması kimi mühüm məsələlərə diqqət çəkilir.