Sentyabrın 13-də Azərbaycan Mərkəzi Bankında (AMB) Makroiqtisadi dayanıqlılıq üzrə İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə İqtisadiyyat.az-a AMB-dən bildirilib.

Məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Daxili və xarici təsirlərə dayanıqlıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2023-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verilmiş, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupu üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb, habelə növbəti addımlar müəyyən edilib.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

Xatırladaq ki, İşçi qrup “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətininin əlaqələndirilməsi məqsədilə yaradılıb və sədrliyi Mərkəzi Banka həvalə edilib.