Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilsə sözügedən göstərici 1 851 856 min manat səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur.

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.