Azərbaycanda mağazalarda ucuz araqların satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək. Dəyişikliklər Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.
Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, burada bir tərəfdən məqsəd qeyri-leqal spirtli içkilərin aradan qaldırılması, digər tərəfdən isə alkoqollu içkilərə əlçatanlığın azaldılmasıdır.
Onun sözlərinə görə, növbəti səbəb həm də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsidir. Çünki ÜST məhz sağlamlıq və səhiyyə baxımından spirtli içkiyə əlçatanlığın azaldılmasını təklif edib:
“Yeni qanunun qəbul olunması və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliyin edilməsi nəticə etibarı ilə qeyri-leqal satılan və qiyməti ucuz olan araq məhsullarının satışını məhdudlaşdıracaq. Yəni qeyri-leqal olaraq satışa çıxarılan ucuz, amma insan sağlamlığı üçün ziyanlı olan arağın satışını ciddi şəkildə məhdudlaşdıracaq. Bu bir tərəfdən leqallaşma baxımından, digər tərəfdən isə vətəndaşlarımızın sağlamlığının qorunması baxımından vacibdir”.
Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışın minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.