İnauqurasiya mərasimi 10 yanvar tarixində Karakasdakı Federal Qanunvericilik Sarayında keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Heraldo" qəzeti məlumat yayıb.
Maduro 2031-ci ilə qədər Venesuela Prezidenti vəzifəsini icra edəcək.
İnauqurasiya mərasimi ötən ilin iyul ayında ölkədə keçirilmiş seçkilərdən beş ay sonra baş tutub. Rəsmi məlumatlara görə, Maduro seçkilərdə səslərin 51,2%-ni toplayaraq qələbə qazanıb.
Maduronun əsas rəqibi müxalifətçi Edmundo Qonsales Urrutia olub. O, seçkilərin nəticələrini tanımayıb. Latın Amerikasının bir çox ölkələrinin, o cümlədən Argentina, Qvatemala, Kosta Rika, Peru və Çilinin rəhbərləri də seçkilərin nəticələrini tanımayıb və ya onlara şübhə ilə yanaşıblar. Qonsalesin qələbəsi ABŞ daxil olmaqla bir sıra Qərb ölkələri tərəfindən tanınıb.
Nikolas Maduro 2006–2013-cü illərdə Uqo Çaves hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. 2012–2013-cü illərdə isə Venesuelanın vitse-prezidenti olub. 2013-cü ilin mart-aprel aylarında Prezident vəzifəsini müvəqqəti icra edib və daha sonra Prezident seçilib. İyul 2024-cü ildə üçüncü dəfə bu vəzifəyə seçilib.