"Həm kartımdan məbləğ çıxıldı, həm də "M10" tərəfindən mobil nömrəmə balans yüklənmədi".

İqtisadiyyat.az xəbər verir ki, bu şikayəti Sənan Arifzadə adlı vətəndaş dilə gətirib. O bildirib ki, "M10" elektron pul kisəsi vasitəsilə mobil nömrəsinin balansını artırmaq istəsə də, buna nail olmayıb. Buna baxmayaraq, bank hesabından çıxılan vəsaiti də geri ala bilmir:

""M10" vasitəsilə "Azərcell" nömrəyə 10 azn ödəniş etdim. Lakin vəsait mobil nömrə balansına oturmadı.  Üzləşdiyim problemlə bağlı "Azercell"ə yığdım. Dedilər ki, ödəniş gəlməyib. Daha sonra "M10"a yığaraq problemi izah etdim və bunun texniki xəta olduğunu dedilər. Ödənişin balansıma qaytarılmasını tələb etsəm də, operator bunun mümkün olmadığını qeyd etdi. Ona görə də "M10"nın "whatsApp" nömrəsinə yazaraq vəziyyəti bildirdim. Lakin şikayətimə baxılmadı. Uzun sözün qısası, həm kart hesabımdan 10 manat çıxıldı, həm də mobil nömrə balansım artırılmadı. Ehtiyatlı olun. "M10" çox yararsız bir proqramdır. Üzləşdiyim problemlə bağlı kimə şikayət edəcəyimi bilmirəm".

Məlumat üçün bildirək ki, ötən il "PashaPay" nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabı olan "M10" mobil tətbiqini təqdim edib. "M10" ilə istənilən şəxsə, hətta "M10" tətbiqi olmayan adama da pul göndərmək, kommunal ödənişləri avtomatik ödəmək, vəsaiti ölkə ərazisində olan Kapital Bank bankomatlarında tam pulsuz nağdlaşdırmaq, bir sözlə, pulla bağlı bir çox işləri bu tətbiq vasitəsilə asan şəkildə idarə etmək mümkündür. 

Maraqlıdır ki, M10" öz xidmətlərində iddialı olsa da, bu tətbiqdən narazılıq edən vətəndaşların sayı çoxdur. Yuxarıda qeyd olunan şikayət də buna bariz nümunədir. 

Vətəndaşın şikayəti ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.