"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 1-dən 16-dək Belarusda keçirəcəyi təlimlərdən Qərbin narahat olması üçün heç bir əsas yoxdur, çünki bu təlimlər əvvəldən planlaşdırılmışdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Qərbdə deyəcəklər ki, Rusiya prezidenti Vladimir Putin və Lukaşenko nə isə hazırlayırlar, yoxsul Polşaya hücum planlaşdırırlar. Belə bir şey yoxdur. Hücum planları yoxdur. Biz çoxdan planlaşdırılan rutin təlimlərlə yeni bacarıqlar qazacağıq. Beləliklə, narahat olmaq üçün heç bir səbəb yoxdur", - deyə BelTA xəbər agentliyi onun sözlərindən sitat gətirib.

Lukaşenko bildirib ki, Qərb bu təlimləri xüsusi siqnal kimi qəbul etməməlidir: "Açığını desəm, bu təlimlərin təfərrüatlarından xəbərsizəm. Amma indiki vəziyyətdə gərginliyi artırmamaq üçün deyərdim ki, orada heç bir döyüş komponenti yoxdur. Təlimlərə KTMT-nin bir neçə üzv dövlətinin kiçik bölmələri cəlb olunacaq. Bu, gələcək üçün taktika və strategiyanın hazırlanması üçün heyət təlimidir".