“Fizyoopediatri Rehabilitasyon Mərkəzi” MMC lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olduğuna görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi kosmetoloq barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş tibb müəssisəsi ilə bağlı müraciətə baxılıb.
Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, vəzifəli şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 30000 manatadək məbləğdə cərimə edilir.