"Azərbaycanın innovasiyalar məkanına çevrilməsi, rəqabətli insan kapitalının formalaşdırılması ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair strategiyasının 5 əsas milli prioritetindən biridir".

Bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"İnnovasiyalarının tətbiqi davamlı və dayanıqlı inkişafa nail olmaq üçün əsas amillərdəndir. Ənənəvi olaraq neft Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynayıb. Təəccüblü deyil ki, o dövrdə innovasiyaların əksəriyyəti məhz neft sənayesi ilə bağlı idi. İlk neft quyusunun qazılması, neft məhsullarının boru vasitəsilə daşınması ölkəmizdə innovasiyaların tətbiqinin dərin köklərə əsaslanmasına dəlalət edir. İkinci Dünya Müharibəsi zamanı böyük azərbaycanlı alim Yusif Məmmədəliyevin innovasiyası da faşizm üzərində qələbəyə mühüm töhfə verib. Ümumiyyətlə, ölkəmizdə innovasiyaların tətbiqi ilə bağlı çox nümunələr çəkmək olar”, - deyə o qeyd edib. 

M.Cabbarov ictimai idarəetmədə innovasiyaların tətbiqi barədə də danışıb, “ASAN xidmət” modelini qeyd edib.

“Yeri gəlmişkən innovasiyalar haqqında danışarkən, Dünya İqtisadi Forumundan aldığımız son mükafat da məhz sənayedə innovasiyalarla bağlıdır. “Lighthouse Award on Innovation” mükafatı innovasiyaya verilən diqqətdən qaynaqlanır” - deyə nazir əlavə edib.