Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Bu barədə İqtisadiyyat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.