Danimarkanın konstruktor istehsalı ilə məşğul olan “Lego” şirkəti 2020-ci ilin maliyyə göstəricilərini açıqlayaraq, tarixində ən yüksək mənfəət əldə etdiyini bildirib.

Beləliklə, 2020-ci ildə “Lego”nun gəliri illik ifadədə 13% artıb və 43.7 milyard Danimarka kronu (6.98 milyard dollar) təşkil edib, bu barədə “Bloomberg” yazıb. Şirkətin əməliyyat gəliri 19% artaraq 12.9 milyard krona çatıb, istehlakçı satışları isə 21% yüksəlib.

Bu cür uğurlu ilin səbəblərindən biri şirkətin baş direktoru Nils Kristiansen CNBC-yə verdiyi müsahibəsində koronavirus pandemiyasını adlandırıb – getdikcə daha çox ailə “Lego” məhsullarına maraq göstərməyə başlayıb. Onun sözlərinə görə, insanlar qohumları ilə vaxt öldürmək üçün aktiv olaraq konstruktorlar alıb.

Eyni zamanda, şirkətin onlayn-satış və xidmətlər sahəsindəki investisiyalar da gəlirə təsir göstərib. Məsələn, 2020-ci ildə “Lego.com” saytını ziyarət edənlərin sayı 20190cu illə müqayisədə iki dəfə artıb, çünki pandemiya səbəbindən offlayn-mağazalar müvəqqəti olaraq bağlı olub. Alıcılar arasında ən çox satılan konstruktor dəstləri ilə yanaşı, “Super-Mario” və “Ulduz müharibələri” kimi tematik məhsullar populyarlaşdı.

“Son iki ildə uzunmüddətli inkişafı dəstəkləyən təşəbbüslərə böyük investisiyalar qoyduq. 2020-ci ildə bunun faydalarını, xüsusən də elektron ticarət və məhsul yeniliyi sahələrində görməyə başladıq”, – deyə Kristiansen söyləyib.

Bununla birlikdə, şirkətin müvəffəqiyyətinə “Lego”nun Çində populyarlıq qazanması təsir edib. Belə ki, konstruktor istehsalçısının 2020-ci ildə açılan 132 mağazasından 91-i Çinin payına düşür. 2021-ci ildə “Lego daha 120 mağaza açmağı planlaşdırır.

Qeyd edək ki, “Lego” şirkətinin “Lego World Builder” platforması var. Bu platforma vasitəsilə hər bir insan öz “Lego” personajını, tarixini və ya layihəsini təqdim edə bilər.banker