Küveyt BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 2 milyon dollar bağışlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Küveytin İordaniyadakı səfiri Hamad əl-Marri KUNA-ya bildirib.

O qeyd edib ki, ölkənin UNRWA-ya verdiyi töhfə onun "nəcib missiyasına" inamını əks etdirir. 

Əmmanda UNRWA-nın sözçüsü Tamara əl-Rifai ilə görüşən Əl-Marri Küveyt rəhbərliyinin Fələstin məsələsini dəstəkləmək və fələstinli qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün prinsipial mövqeyini təsdiqləyib. O əlavə edib ki, Küveytin ianəsinin onun Fələstinə qarşı beynəlxalq öhdəliklərinə sadiqliyini və UNRWA-nın gördüyü işlərə və fələstinli qaçqınlar üçün yerinə yetirdiyi nəcib missiyaya tam inamını əks etdirir. 

Yanvarın sonunda Böyük Britaniya, Almaniya və ABŞ da daxil olmaqla bir neçə ölkə HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilindiyinə görə UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb. UNRWA-nın baş komissarı 2023-cü ilin payızında HƏMAS-ın İsrailə hücumunda əli ola biləcək bir neçə əməkdaşın işdən çıxarılmasına göstəriş verib. Agentlik daha sonra İsraili radikal hərəkatla əlaqəyə dair "yalan etiraflar" almaq üçün əsir götürülən işçilərə işgəncə verməkdə ittiham edib.