Rusiya prezidenti Vladimir Putin avqustun 22-24-də keçiriləcək BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderlərinin 15-ci sammitində iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat xidməti bildirib.

Məlumata görə, Putin Rusiyanın 2024-cü ildə birliyə sədrliyi dövründə qarşıya qoyulan prioritetlər barədə danışacaq.

Kremlin məlumatına görə, liderlər birliyin önündə duran aktual məsələləri, o cümlədən onun mümkün genişlənməsini, qlobal və regional gündəliyi, BRİCS tərəfdaşlığının siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Rusiya lideri sammitdən əvvəl keçiriləcək BRİCS Biznes Forumunun iştirakçıları qarşısında da çıxış edəcək.

Qeyd edək ki, BRICS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək. 54 Afrika ölkəsinin liderlərinin dəvət olunduğu bu sammit Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq.