“KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) xalis mənfəəti kəskin azalıb.
İqtisadiyyat.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
BOKT-un 2023-cü ildə xalis mənfəəti 3,3 dəfə azalaraq 87,5 min manata enib. 2022-ci ildə BOKT 284,1 min manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə “KredAqro”nun faiz gəlirləri 2022-ci illə müqayisədə 357 min manat və ya 32,2% artaraq 1,47 milyon manat təşkil edib. Təşkilat 2022-ci ildə 1,11 milyon manat faiz gəlirləri əldə etmişdi.
Ötən il “KredAqro”nun cəmi gəlirləri 2,29 milyon manat, cəmi xərcləri 2,2 milyon manata bərabər olub. Bu dövrdə “KredAqro”nun kredit portfeli (müştərilərə verilən kreditlər) 5,34 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 0,5% çoxdur.
2023-cü ildə mikromaliyyə təşkilatı 3%-ə yaxın kiçilib. Belə ki, 31 dekabr 2023-cü il tarixində “KredAqro”nun cəmi aktivləri 8,57 milyon manat edib. 2022-ci ildə BOKT 8,82 milyon manat cəmi aktivlərə sahib olub.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin 100% səhmdarı ABŞ-nin “ACDI/VOCA” təşkilatıdır.