Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, 1 nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.

İqtisadiyyat.az-ın məlumatına görə, infeksionist-hepatoloq Mərdan Əliyev "Report”a açıqlamasında bildirib ki, Rusiyada yoluxma saylarında artım müşahidə edildiyindən hazırda bir sıra məhdudiyyətlər tətbiq edilir: "Bu da gözlənilən idi. Çünki payız fəslidir. Əvvəldən də proqnozlaşdırılırdı ki, payız-qış aylarında virusa yoluxma artacaq. Artıq bizdə də artım müşahidə edilir".

"Ümumiyyətlə, koronavirusun 24 variantı var. Bu variantların bəziləri digərlərinə nisbətən narahatlıq doğurur. ÜST tərəfindən də "Alfa", "Beta", "Qamma" və "Delta" ştamları daha fərqli gedişə malik olduğu qeyd edilib. Digərlərində ciddi və əlavə dəyişiklik olmur. Ən sürətli yayılan "Delta" ştamıdır. O da hazırda dünyada dominantdır. Bəzi ölkələrdə “Mü” və digər ştamlar yayılır. Amma bunların hamısı koronavirusdur. Koronavirusun ümumi geni böyük olduğu üçün tez-tez dəyişiklik olur, yeni variantlar əmələ gəlir. Rusiyada da tapılan yeni variantdır və o da koronavirusun digər ştamlarından ciddi fərqlənmir. Həm yoluxdurma qabiliyyəti, həm xəstəliyin gedişi və qorunma üsulları demək olar eynidir. Yeni yaranan ştamlardan çox da qorxmaq lazım deyil. Çünki bunlar yeni virus deyil. Onların da müalicəsi və qorunma üsulları digər ştamlarla eynidir", - deyə o vurğulayıb.

İnfeksionist deyib ki, insanlar yenə də qapalı məkanlarda məsafə saxlamalı və maskadan istifadə etməlidir: "Ən əsas tədbirlərdən biri də vaksinasiyadan keçməkdir. Virusdan qorunmaq üçün tələb olunan qaydalara əməl etmək zəruridir".