Son illər dünya ölkələri bir sıra yoluxucu xəstəliklərə şahidlik edib. Yüksək hərarətə səbəb olan virusların yayılma tempi insanların ölümü ilə nəticələnib. Koronavirusun geniş yayıldığı dövrdə hər gün qeydə alınan ölüm halları bu virusun təhlükəli olduğunu üzə çıxarıb. Bununla yanaşı, hər il xüsusən qış aylarında qrip virusu da müşahidə edilir. Mütəxəssislər qripin daha təhlükəli virus olduğunu söyləyirlər. Son aylar isə ölkədə qızılca xəstəliyinin sürətlə yayılması, hətta ölüm faktlarının qeydə alınması infeksion xəstəliklərlə bağlı narahatlığı artırıb. Bu gün insanları düşündürən məsələlərdən biri də yeni virusların yayılma ehtimalının olub-olmaması ilə bağlıdır. Bəs görəsən, ölkədə yeni virusların yayılma ehtimalı varmı?

Həkim-terapevt Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ölkədə virusların yayılması əhali arasındakı epidemioloji vəziyyətdən asılıdır.

Onun sözlərinə görə, Bakı şəhərində əhalinin sıxlığı kifayət qədər yüksək olduğu üçün bu ərazilərdə virusların yayılması ehtimalı daha çoxdur. 

Həkim viruslara yoluxmamaq üçün profilaktik tədbirlər kimi uşaq vaxtı epidemiyalara qarşı peyvəndlərin vurulmasını vacib hesab edib.

Tibb mütəxəssisi bildirib ki, peyvənd vurdurmayan insanlar bu gün qızılcaya yoluxur. Onun sözlərinə görə, peyvənd vurdurmayan insanların zamanla müxtəlif infeskion xəstəliklərə yoluxması sıx müşahidə olunur. Odur ki, yeni infeksion xəstəliklərin yayılmaması üçün peyvənd vurdurmaq vacibdir.

R.Bağırov vurğulayıb ki, ölkədə epidemioloji mühit normallaşmalıdır: "Bu, heyvanlardan insanlara və ya insanlardan insana keçən virusların yayılmasının qarşısının alınması üçün vacibdir. Epidemioloji stansiyalar tərəfindən müəyyən xəstəliklərin yayılmasının qarşısının alınması üçün binaların zirzəmiləri və müxtəlif zibilliklər daima təmizlənir. Çünki həmin ərazilərdə olan sıçovullar virusların yayılmasına müəyyən mənada şərait yarada bilir. Nəticədə ağır və fəsadları çox olan virusların yayılması ehtimalı artır. Lakin mikrobioloji tədqiqatların gücləndirilməsinə ehtiyac var. Bu tədqiqatlar aşkar olunan hər hansısa virusun yayılmasının qarşısının alınması üçün əhəmiyyətlidir". 

 

Gülşən Şərif