"Koronavirus pandemiyası fonunda Bakıda mənzil, xüsusilə də satış bazarının aktivliyi sıfıra yaxınlaşıb".

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

"Bakıda mənzil, xüsusilə də satış bazarının aktivliyi, demək olar ki, sıfıra yaxınlaşıb. Kirayə bazarında da vəziyyət yaxşı deyil. Həm qiymətlərdə, həm də aktivlikdə azalma var. Azalmanın hansı səviyyədə olduğu yaxın 10 gün ərzində monitorinqimizin yekunu əsasında məlum olacaq", - deyə N. İbrahimov bildirib.

Onun sözlərinə görə, kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra bərabər olsa da, kənar ərazilərdə, xüsusilə də Bakı ətrafı və Abşerondakı bağ evlərində nisbətən canlanma olub: "İmkanı olanlar şəhərdən kənarlaşıb, bağ evlərinə üz tutublar. Təbii ki, bunun da nəticəsində bağ və fərdi yaşayış evlərinin kirayəsi bazarında qiymət təzyiqi yaranır. Bunun hansı səviyyədə olması barədə hələlik dəqiq məlumat yoxdur. Lakin realdır ki, imkanı olanlar şəhərdən uzaqlaşır. Kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra enib, kənarda, xüsusilə də bağ evlərində nisbətən canlanıb. Çünki mərkəzdə əhali sıxlığı var. Kənarlaşdıqca sıxlıq aşağı düşür və xəstəlik üzrə risk göstəriciləri də azalır. Mərkəzdən kənar ərazilərə axın daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna istiqamətindədir. Çünki bu ərazilərdə infrastruktur, nəqliyyat imkanları daha yaxşıdır".

Ekspert həmçinin bildirib ki, bağ evlərinin kirayə qiymətlərində artım olacağı ehtimal olunsa da, sözügedən bazara təsiri edən əks faktorları da unutmaq olmaz.

"Kirayə bazarında adətən qiymətlər əhalinin alıcılıq, ödəmə qabiliyyəti ilə düz mütənasibdir. Satış bazarı belədir ki, insanlar yığım və yaxud kreditlə mənzil alırlar. Yəni alıcılıq qabiliyyəti mənzillərin satış qiymətinin artımına bir o qədər də müqavimət göstərmir. Ancaq kirayə bazarında vəziyyət belə deyil. Kirayə birbaşa ailənin gəlirliyi ilə bağlıdır. Burada bu faktor qiymətlərə əks müqavimət göstərir. İndi də nəzərə alsaq ki, əhalinin bir hissəsi iş yerlərini itirir, bir hissəsi əmək haqqından məhrum olur, yaxud işi dondurulur, risklər, ailənin gəlirlilik riskləri böyüyür, nəticədə də, təbii ki, qiymət artımına müqavimət də artır. Ona görə də kimin imkanı var bağa üz tutur. Lakin kirayə qiymətlərində artım bu zaman bir az inandırıcı deyil", - deyə ekspert bildirib.

Qeyd edək ki, bu ilin fevral ayı ərzində Bakıda kirayə mənzil bazarında qiymətlər kəskin azalıb. Ay ərzində kirayə bazarında orta qiymət 4,2% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə 11,1% bahalaşma qeydə alınıb.

Xatırladaq ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün 31 mart saat 00:00-dan daha çox məhdudiyyətlər tətbiq olunub, insanların küçəyə çıxmasına məhdudiyyətlər qoyulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, xüsusi əhəmiyyətli orqanlar istisna olmaqla, insanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb.