Latınca mənası “zəhər” olan bu “virus” sözünü, əsasən də pandemiya dövründə demək olar hər gün eşidir ya da görürük. Mənasından da bəlli olduğu kimi ya düşdüyü mühitin məhvinə yol açır, ya da ciddi zərər verir. Bəs kompüter virusları da gündəlik həyatda eşitdiyimiz COVID-19 və ya meymunçiçəyi virusları kimidirmi?

Kompüter virusu nədir?

Kompüter virusu bir növ zərərli kompüter proqramıdır, hansı ki icra edildikdə özünü təkrarlayır və öz kodunu daxil edir. Kodlar dedikdə nə başa düşürük? Kodları insan orqanizmi ilə əlaqələndirsək  bir çox şeylə oxşar olacaq. Amma virus məfhumunu başa düşmək üçün ən yaxşı nümunə qan olardı. İnsanın hərəkəti və funksiya göstərməsi üçün qan nə qədər vacibdirsə, kompüter proqramlarının işləyə bilməsi üçün də kodlar o qədər vacibdir. Əgər qanımıza müəyyən zərərli maddələr və ya bakteriyalar qarışarsa bu yüngül və ya ağır xəstələnməmizə və daha pisinə yol aça bilər. Kompüterlərin işləməsini təmin edən kodlar olduğunu nəzərə alsaq, deməli kompüteri işlədən kodların da arasına zərərli kodlar daxil olsa, o kompüterin ya funksiyanallığı müəyyən dərəcədə pozulacaq, ya da əməliyyat sistemi tamamilə məhv olacaq. Həmin zərərli kodlar kompüter virusları adlanır. Viruslar da intellektual şəkildə - onu düzəldənin məqsədinə uyğun olaraq hərəkət edir. Replikasiya edildikdən sonra, bu kod sisteminizdə mövcud olan digər faylları və proqramları yoluxdurur. Bu virusların müxtəlif növləri olur və müxtəlif şəkillərdə kompüterinizə yoluxa bilər.

Kompüterdə virusunun olmasını necə bilmək olar?

Viruslar kompüterin proqram təminatına gizli şəkildə zərər verdiyi üçün biz ilk baxışda kompüterdə virusun olub-olmamasını anlaya bilmirik. Amma müəyyən əlamətlər vardır ki onlar əksərən virusun göstəricisidir.

  • Sistemin işləmə sürəti – Kompüterə virus düşərsə, proqramların açılmasına sərf olunan vaxt uzana bilər və bütün sistemin işləmə sürəti yavaşlaya bilər.
  • Ekranda pop-up olması – Pop-up birdən birə ekranda peyda olan və əksərən “bəli” və ya “xeyr” seçimindən birini etdikdən sonra bağlanan pəncərədir. Əgər ekranda yersiz yerə çoxlu Pop-up pəncərə peyda olursa bu virus əlaməti ola bilər.
  • Proqramların öz-özünə arxa fonda işləməsi - Fayllar və ya proqramlar sistemin arxa planında sizin xəbəriniz olmadan öz-özünə açılmağa başlaya bilər. Bunu yoxlamaq üçün start menyusunda “task manager” yazıb sistem proqramını açaraq arxa fonda işləyən proqramları görə bilərsiniz.
  • İnternet hesablarınızdan öz-özünə çıxış olması – Virus düşməsi zamanı hesablarınızın parollarının sındırılma ehtimalı artır, beləliklə bəzi parolla qorunan hesablar sizi avtomatik sistemdən ata, yəni hesabınızdan çıxış verə bilər.
  • Cihazın tamamilə çökməsi – Bu o zaman baş verir ki, artıq virus bütün fayl və proqramlara zərər vurub. Kompüterinizi açarkən əməliyyat sistemi açılmırsa və ekranda “ERROR” sözünü görürsünüzsə, deməli, təəssüf ki, kompüterinizi format etməli olacaqsınız. Əməliyyat sistemi tamamilə silindikdə virus da silinir, amma sizin kompüterdə saxladığızız məlumatlar da, təəssüf ki, silinir.

Virus düşən zaman ilk nəzərə çarpacaq şey kompüterin işləmə sürətinin azalmasıdır. Digər anormallıqlar da daha sonra tədricən müşahidə olunmağa başlayır.

Kompüter viruslarının növləri:

  • Boot Sector Virus - Bu, disketlərin yükləmə sektorunu və ya hard disklərin Master Boot Record (MBR) bölməsini yoluxduran virus növüdür.
  • Direct Action Virus – Əgər virus birbaşa .exe və ya .com faylına qoşularsa və onun icrası zamanı cihaza daxil olarsa, bu Direct Action Virus adlanır. Əgər yaddaşa daxil olarsa, özünü gizli saxlayır.
  • Resident Virus – Bu virus özünü kompüterin yaddaşında saxlayır və daha sonra mənşəli digər faylları və proqramları yoluxdurur. Yaddaşda gizləndiyi və sistemdən çıxarılması çətin olduğu üçün digər faylları asanlıqla yoluxdura bilər.
  • Multipartite Virus - Artıq yoluxmuş kompüterin həm əməliyyat sisteminin yükləmə sektoruna, həm də icra edilə bilən fayllarına hücum edə bilən virus Multipartite Virus adlanır. Əgər bu virus sisteminizə hücum edərsə, siz kiber təhlükə riski altındasınız.
  • Overwrite Virus -  Ən zərərli viruslardan biri olan bu virus növü mövcud proqramı tamamilə silə və onu zərərli kodla əvəz edə bilər. Tədricən o, host-un proqramlaşdırma kodunu zərərli kodla tamamilə əvəz edə bilər.
  • Polymorphic Virus - Spam və yoluxmuş vebsaytlar vasitəsilə yayılan polimorf virusu mürəkkəb və aşkarlanması çətin olan fayl infektorudur. Onlar mövcud proqramın dəyişdirilmiş versiyasını yaradır və sistemi yoluxdurur, amma orijinal kodu saxlayır.
  • File Infector Virus (fayl yoluxdurucu virus) - Adından da göründüyü kimi, o, əvvəlcə bir faylı yoluxdurur, sonra isə digər icra edilə bilən fayl və proqramlara yayılır. Bu virusun əsas mənbəyi oyunlar və mətn prosessorlarıdır.
  • Spacefiller Virus - Faylın boş yerlərini viruslarla dolduran nadir virus növüdür. Boşluq virusu kimi tanınır. Faylın ölçüsünə təsir etmədiyi üçün, asanlıqla aşkarlamaq olmur.

Kompüteri viruslardan necə qoruya bilərik?

Kompüterinizi viruslardan azad etməyin ən yaxşı uyğun yolu Antivirus proqramı quraşdırmaqdır. Bu cür proqramlar cihazdan virusları silməyə kömək edir və iki vasitə ilə kompüterə quraşdırıla bilər:       

  • Onlayn yükləmə
  • Antivirus proqramının alınması və quraşdırılması

Kompüterləri viruslardan qorumağın ən yaxşı yolu isə güvənilməyən səhifələrdən ümumiyyətlə heç bir şəkil, video, və ya proqram yükləməməkdir. Bucür hallar əsasən oyunlarda olur. Əgər pullu oyunları bəzi saytlardan crack olaraq pulsuz yükləsək artıq kompüterin virusa yoluxması demək olar ki, qaçılmazdır.