Uzun illərdir ki, ictimai nəqliyyat böhranı davam edir. Belə ki, avtobus parkında hələ də istismar müddəti bitən nəqliyyat vasitələri qalmaqdadır. Avtobuslar texniki nasazlıq səbəbindən sıradan çıxaraq bir çox hallarda sərnişinləri yarı yolda qoyur. Bəzi hallarda isə avtobus hərəkətdə olarkən alışır. 

Belə avtobuslardan biri də Lökbatan qəsəbəsi - "Elmlər Akademiyası" m/s üzrə hərəkət edən 206 nömrəli müntəzəm marşrutdur. İqtisadiyyat.az-a daxil olan məlumata görə, ötən gün axşam saatlarında 206 nömrəli avtobus hərəkətdə olarkən xarab olub. Nəticədə sərnişinlər yolda düşüb və başqa bir avtobusun gəlməsini gözləyiblər. Sözügedən nəqliyyat vasitəsində gedişhaqqı 50 qəpik olsa da, xidmət səviyyəsi heç də ürəkaçan deyil. 

Bəs görəsən, avtobus parkının yenilənməməsinin səbəbi nədir? 

 

aslan_esedov_azpmedia.jpg

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlər yeni avtobuslar almağa maraqlı deyil. Bu isə sərnişinin ödədiyi gedişhaqqı müqabilində aşağı səviyyəli xidmətlə üzləşməsinə səbəb olur:

"Əsas problemlərdən biri avtobus parkının hələ də tam şəkildə yenilənməməsidir. Ona görə də avtobusların sıradan çıxması və texniki göstəricilərinin aşağı olması kimi problemlə sıx şəkildə üzləşirik. Xətlərdə hələ də köhnə avtobuslar var. Baxmayaraq ki, bəzilərinin istismar müddəti çoxdan bitib. Ən çox narazılıq şəhərətrafı kənd və qəsəbələr üzrə müntəzəm hərəkət edən marşrut xəttlərində yaşanır. Təəssüf ki, bu gün daşıyıcı şirkətlərin də avtobusların yenilənməsinə marağı aşağı səviyyədədir. Şirkətlər bunun başlıca səbəbi kimi qiymətlərin onları qane etmədiyini göstərirlər. 

Məlum problemin aradan qaldırılması üçün dövlətin dəstəyinə ehtiyac var. Dövlət iki şəkildə dəstək ola bilər. Birincisi, avtobusların yenilənməsi üçün dotasiya ayrıla, ikincisi isə güzəştli kreditlər tətbiq oluna bilər. Bu, sahibkarların və müvafiq daşıyıcı şirkətlərin avtobus yenilənməsinə marağını artıracaq. Çünki avtobusların xarici ölkələrdən idxalı və  ehtiyat hissələrinin qiymətinin yüksək olması sahibkarları çətin vəziyyətə salır". 

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, yaxın illərdə Azərbaycanda “İkarus” avtobuslarının istehsalına başlanılacaq. Bununla bağlı Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, ilkin olaraq ölkə­mizdə ildə 100 ədəd avtobus istehsal olunması, bu rəqəmin, tədricən, 500 ədədə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (əsasən avtobus) idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 dəfə azdır.

Gülşən Şərif