Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə qərar avtomobil alqı-satqısı ilə məşğul olan və ya sadəcə özünə maşın almağı planlaşdıran xeyli insan tərəfindən birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran avtomobil eksperti Eldəniz Cəfərov qərarın müsbət tərəflərindən söz açıb: "Nazirlər Kabinetinin yeni qərarı əsasən ölkəmizdə avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin, eko-sistemin yaxşılaşdırılmasına yönəlib. Belə ki, yaşı 10 ildən artıq olan avtomobillərin sayı ölkəmizdə həddindən artıq çoxdur. Həmçinin qeyd etmək lazımdır ki, son illər ərzində Gürcüstandan da ölkəyə yararsız, ömrünü başa vurmuş metallom daşınırdı. Bunun da qarşısı qismən alınmış olacaq".

E.Cəfərovun sözlərinə görə bu qərar bəzi yeniliklərin müjdəçisi ola bilər: "Bu qərarın verilməsi qarşıdan gələn yeni bir qərarı şərtləndirir. Söhbət Azərbaycanın avro-5 ekoloji standartlarına keçidindən gedir. Hazırda ölkəmizdə avro-4 standartları tətbiq olunur. Bu qərardan sonrakı qərar ola bilər ki, avro-5 standartlarına keçid olsun".

Ekspert xarici ölkələrdən avtomobil sifariş etmiş şəxslərin narahatlığı barədə də danışıb: Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil var ki, onlar yoldadır. C.Koreya, Yaponiya və ABŞ kimi ölkələrdən həmin avtomobillərin gəmi ilə gətirilməsi 2-3 ay çəkir. Ona görə düşünürəm ki, dövlət bunları nəzərə alaraq, həmçinin özünün sosial yönümlü siyasətini nəzərə alaraq bu müddəti 30 gündən 60 günə qədər uzatsa, daha yaxşı olar ki, vətəndaşların ödəniş edərək sifariş etdiyi avtomobillər ölkəyə daxil ola bilsin, vətəndaşlar ziyana düşməsin. Əks təqdirdə həmin maşınlar Gürcüstan limanlarında qala və vətəndaşlarımıza, sahibkarlara külli miqdarda ziyan dəyə bilər".

E.Cəfərov qərarın maşın bazarına təsirindən də söz açıb: "Bu qərardan sonra düşünürəm ki, təxminən yay aylarında ikinci əl avtomobil bazarında köhnə maşınlar 2 % civarında bahalaşa bilər".