Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən KOB subyektlərinin və bankların iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri güzəştli kreditləşdirmənin yeni mexanizmləri, yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması, eləcə də, bu dəstəkdən yararlanmaq üçün yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) barədə ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri mütəmadi olaraq təşkil olunacaq.

Bununla yanaşı, sahibkarlar güzəştli kreditləşdirmənin yeni mexanizmləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə xidmətlərindən istifadə etmək üçün KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.