Ukrayna və Hollandiya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar və bu müqaviləyə əsasən Amsterdam 2024-cü ildə Kiyevə 2 milyard avro hərbi yardım ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bu gün baş nazirin səlahiyyətlərini icra edən Mark Rutte və mən Ukrayna və Hollandiya arasında ikitərəfli təhlükəsizlik sazişi imzaladıq. Sənəd bu il Hollandiyadan iki milyard avro hərbi yardımı, eləcə də növbəti on il ərzində müdafiəyə əlavə yardımı nəzərdə tutur", - deyə o, teleqram kanalında yazıb. 

Zelenski qeyd edib ki, imzalanmış saziş həmçinin Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə hava hücumundan müdafiə, artilleriya, dəniz və uzaqmənzilli silahlar sahəsində yardımın göstərilməsi prioritetlərini müəyyən edir.

"Sənədə əsasən, Niderland da Ukraynanın Aİ və NATO-ya gələcək üzvlüyünü dəstəkləyir", - deyə Ukrayna prezidenti vurğulayıb.