Braziliya hakimiyyəti İsrail səfiri Daniel Zonşeyni ölkədən çıxarmağı düşünür.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "O Globo" qəzeti məlumat yayıb.

Məlumata görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva bu məsələni fevralın 19-da ölkənin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim ilə müzakirə edib. Bununla belə, nəşrə görə, Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi israilli diplomatın ölkədən çıxarılmasını "arzuolunmaz və radikal" tədbir hesab edib.

Qeyd edək ki, Lula da Silva fevralın 18-də bildirib ki, İsrailin Qəzza sektorunu bombalaması nəticəsində dinc əhalinin qətliamı təbiət etibarı ilə Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edilə bilər. İsrailin baş naziri Benyamin Netanyahu həmin gün Lula da Silvanın sözlərini "biabırçı" adlandırıb və bildirib ki, o və xarici işlər naziri İsrael Katz Braziliyanın İsraildəki səfirini məsləhətləşmək üçün dərhal geri çağırmaq qərarına gəliblər.

Fevralın 19-da Katz üzr istəyənə və İsraili Hitler Almaniyası ilə müqayisə etməkdən imtina edənə qədər Braziliya prezidentini persona non qrata elan edib.